(Mərhum arif ayət. Behcətin xatirəsinə)
Bu şəhərdə biri vardı Əli Allah ətəyində. Ətri vardı bu şəhərin Çəmənində, çiçəyində.
Allahından insanlara, İnsanlardan Allahına Xeyir-dua gətirərdi, Yer əhlinin göy əhlinə, Göy əhlinin yer əhlinə Salamını yetirərdi.
Bu şəhərdə biri vardı Dili dua, gözü yaşlı. Ahıl-cahıl sevimlisi, Ruhu cavan, özü yaşlı.
Balasına soyuq dəyən, Babasının beli sərpən Qapısında dayanardı. Duaları ünvanına, Sahibinə çatan kimi Gələnlərdən yayınardı.
Bu şəhərdə biri vardı Getdi, şəhər geydi qara. Əzadarlar sıralandı Hər gün keçdiyi yollara.
Matəmini səmalarda, Simalarda görə-görə, Gedişinə inanan yox. Yuxu imiş o bir nəfər, Gecənin günəş yuxusu - Getdi, hələ oyanan yox.
|